×
A
A
A
Sazlamalar

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Təhsil Nazirliyində bu qurumun “Bir” Tələbə-Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim böyük önəm verdiyini bildirib.
“Bir” Tələbə-Könüllü proqramı barədə fikirlərini bildirən F.Qurbanov diqqətə çatdırıb ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq, eləcə də dövlət əhəmiyyətli tədbirlərin təşkilində tələbə-könüllülərin uğurlu fəaliyyəti və əvəzsiz rolu olub. Nazir müavini bu proqramın ötənilki fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sumqayıt Dövlət Texniki Kollecindən 2018-ci il üzrə ən fəal tələbə-könüllülər sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, 7 şəhər, 37 təhsil müəssisəsindən 20 mindən çox tələbə-könüllünü birləşdirən proqram indiyədək Formula 1 Azərbaycan Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı, Bakı marafonları, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, Bakı Şopinq Festivalı, Bakı Humanitar Forumu, “BMX Racing” növü üzrə dünya çempionatı, ümumilikdə 6 istiqamət üzrə 400-dən çox tədbirdə uğurla fəaliyyət göstərib.

Elm və təhsil 2019-03-18 12:30:00