×
A
A
A
Sazlamalar

Muzeylər və parklar şəhəri Xaçmaz şimal bölgəsinə ekskursiyanın sonuncu ünvanı olub VİDEO

Xaçmaz, 18 mart, Elxan Yusifli, AZƏRTAC

Lənkəran, Astara, Lerik, Yardımlı, Neftçala, Şirvan və Zərdab rayonlarını təmsil edən məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası martın 18-də başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi rayondan olan 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.
Məktəbliləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, regional mədəniyyət idarəsinin, təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Şagirdlər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir görünüşünə görə diqqəti cəlb edən Xaçmaz, həm də geniş turizm imkanlarına malikdir.
Qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində də olublar. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstləri qoyulan, açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi"nə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar.
Meydan və Çənlibel parklarında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.
Tur-aksiya iştirakçıları yolüstü “Şabran şəhəri” tarixi qoruğunda olublar. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.

Regionlar 2019-03-18 12:22:00

Video