×
A
A
A
Sazlamalar

Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarovun və İnquşetiyanın Maqas şəhərinin meri Beslan Tseçoyevin başçılıq etdiyi nümayəndə heyətləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini anaraq məzarları üzərinə tər güllər düzüblər.
Daha sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Bakının mənzərəsini maraqla seyr edən nümayəndə heyətlərinə paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Siyasət 2019-03-18 12:15:00