Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tur-aksiya: 320 məktəblinin şimal-qərb bölgəsinə ekskursiyası başa çatıb

Qəbələ, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların bu il Novruz bayramı ərəfəsində gerçəkləşən ilk mərhələsi uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində martın 15-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər (Gəncə), Xocalı (Goranboy) və Tərtər rayonlarının məktəblilərindən ibarət qruplar martın 18-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 320 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Ölkə iqtisadiyyatında önəmli rola malik bölgələrimizdən biri olan Qəbələ-Şəki-Zaqatala zonası inkişaf etmiş turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, eyni zamanda, tarixi məkanları ilə tanınır.
Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, konserv zavoduna, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, Qoruğun ərazisində yerləşən muzeylər və sənətkarlıq emalatxanaları ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Şagirdlər, həmçinin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olub, onlarda Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə əyani təsəvvür yaranıb.
Martın 17-də axşam tur-aksiya iştirakçıları “Nə? Harada? Nə vaxt?” intellektual oyununda növbəti dəfə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekun nəticələrinə əsasən, Gəncə, Samux və Şəmkir məktəblilərinin təmsil olunduğu komandalar müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıblar.
Bir şəhər və 8 rayonun məktəbliləri respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.

Regionlar 2019-03-18 11:03:00