×
A
A
A
Sazlamalar

Azərbaycanlı arxeoloqlar Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

Bakı, 18 mart, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində “Manqistaunun tarixi-mədəni irsinin öyrənilməsinə yeni baxış və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransda Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Özbəkistan və digər dövlətlərdən müxtəlif elm sahələrini təmsil edən alimlər iştirak ediblər. Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - dosentlər Səfər Aşurov, Mikayıl Mustafayev və elmi işçi Fidan Əliyeva təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda Səfər Aşurovun “Xəzərin qərbində qədim şəhər”, Mikayıl Mustafayevin “Azərbaycanda Zilitəpə abidəsi”, Fidan Əliyevanın isə “İlk tunc dövründə Naxçıvanda zoomorf fiqurlar” mövzusunda məruzələri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Konfrans çərçivəsində iştirakçılar Manqistau vilayətinin ərazisində yerləşən Şakpak-ata adlı X-XIII əsrlərə aid yeraltı məsciddə, bu vilayətin tarix-diyarşünaslıq muzeyində və Otpan tarixi-mədəni kompleksində olub, Akşukur kəndində keçirilən Amal bayramında iştirak ediblər.
Səfər Aşurov Manqistau regional televiziyasına verdiyi müsahibədə regionun tunc dövrü kurqanları ilə eyni dövrə aid Abşeron yarımadasındakı kurqanların planlanmasında, həmçinin orta əsrlərə aid Manqistaudakı tapıntılarla Azərbaycanın həməsr maddi mədəniyyət nümunələri arasında oxşarlığı qeyd edib, bu analogiyaların qədim dövrlərdə regionlar arasında sıx mədəni və ticari əlaqələrin olmasını göstərdiyini bildirib.

Elm və təhsil 2019-03-18 10:57:00