×
A
A
A
Sazlamalar

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub YENİLƏNİB

Bakı, 18 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azərişıq” ASC elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaları və təkmilləşdirilmiş elektron müraciət sisteminin təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov elektron müraciətlərin sayının artırılması məqsədilə qurumun Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (MİOS) daha da təkmilləşdirildiyini və əlçatanlıq təmin edildiyini, məmur-vətəndaş təmasının minimuma endirildiyini deyib. Bildirib ki, MİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar Elektron Hökumət Portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir.
Bildirilib ki, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülüb, ümumi proseslər sadələşdirilib. Həmçinin sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və “ASAN Kommunal” mərkəzlərində edilməsi imkanı yaradılıb.
Bu istiqamətdə ən mühüm yeniliklərdən biri isə artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, cəmi 24 gündən azaldılaraq 20 gün ərzində yekunlaşmasıdır. Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının sadələşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmilləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə kiçik və orta biznes evlərində əlavə müraciət üçün şərait yaradılır.
Elektrik təchizatı şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalar təqdimatı zamanı diqqətə çatdırılıb ki, sahibkar artıq cəmi iki dəfə dövlət qurumu ilə təmasda olacaq: ilkin olaraq “KOB evləri”nə və ya mərkəzlərə müraciət edəcək və qoşulma haqqı ödəniləcək, daha sonra isə ilk 10 gün ərzində dövlət qurumları arasında inteqrasiyanın təmin olunması nəticəsində sahibkarın hər hansı bir iştirakı olmadan texniki şərtlər, layihə sənədlərinin hazırlanması ilə bağlı “Texniki Şura” müvafiq tədbirlər görəcək.
Sonrakı 10 gün ərzində isə tikinti-quraşdırma işləri və ETŞ-ə fiziki qoşulma, tikinti obyektinə elektrik enerjisinin verilməsi başa çatdırılır. Bütün işlər yekunlaşdığı zaman texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur.
İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı vurğulayıb ki, son islahat tədbirləri nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin yenilənməsi kiçik və orta sahibkarlığın dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədilə rahat və qısa zaman ərzində qoşulmanın həyata keçirilməsinə şərait yaradacaq.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İqtisadiyyat 2019-03-18 10:56:00