×
A
A
A
Sazlamalar

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib VİDEO

Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.
Toplantıda OPEC-in baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edib. Tədbirdə, həmçinin OPEC üzvləri Əlcəzair, Birləşmiş Ərəb Əmirliklərinin, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney nazir və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur: “Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə “OPEC plus” formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər”.
“Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan “OPEC plus” əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirir. Eləcə də bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir. Azərbaycan neft bazarının tənzimlənmə prosesinə töhfə verməkdə davam edəcək”, - deyə P.Şahbazov bildirib.
Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih deyib ki, qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir. Bildirib ki, ötən il qlobal neft bazarında balansın formalaşdırılması üçün mühüm addımlar atılıb. Bu gün neftin qiymətinin məqbul səviyyədə olması OPEC və “OPEC plus” formatında əməkdaşlığın nəticəsidir.
“Bugünkü iclasın neftin vətənində, Bakıda keçirilməsi çox əlamətdardır. Hazırda Azərbaycan “OPEC plus” formatında əməkdaşlığın fəal iştirakçısıdır”, - deyə nazir vurğulayıb.
OPEC prezidenti Manuel Kevedo Fernandes son dövrlərdə neft bazarının balanslaşdığını bildirib.
OPEC-in baş katibi Məhəmməd Barkindo isə neft bazarındakı vəziyyətin müzakirəsi baxımından Bakıdakı iclasın əhəmiyyətini qeyd edib.
Toplantıda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı, Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı və qlobal neft bazarında son inkişaflar müzakirə edilib. Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.
İclasın yekununa dair mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, OPEC-ə üzv və kartelə daxil olmayan bəzi ölkələrlə əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib. Nazir qeyd edib ki, JMMC neft bazarında baş verən proseslərdən razıdır. “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən ölkələrin sazişə əməletmə səviyyəsi fevral ayında 90 faiz olub. Komitə üzv ölkələrin fevral ayı ərzində kollektiv fəaliyyətindən məmnundur. Bildirib ki, yanvarda isə sazişə əməletmə səviyyəsi 83 faiz olub.
Energetika naziri Pərviz Şahbazov deyib ki, “OPEC plus” formatı yaradılandan indiyədək Azərbaycan öz öhdəliyini müvəffəqiyyətlə və tam yerinə yetirib. Azərbaycan “OPEC plus” çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi göstəricilərini yaxşılaşdıracaq.
Mətbuat konfransında qeyd olunub ki, Müştərək Texniki Komissiya və Birgə Monitorinq Komitəsinin növbəti iclasları bu ilin mayında Ciddədə keçiriləcək. Dörd ölkə - İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri Birgə Monitorinq Komitəsinə yeni üzv seçilib.
Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl - martın 17-də Bakıda Müştərək Texniki Komissiyanın 27-ci iclası da keçirilib.
Xatırladaq ki, Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac olunub. Energetika Nazirliyi fevralda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Ötən il gündəlik neft hasilatı 792,6 min barrel olub.
2018-ci il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, cari ilin yanvarından etibarən Azərbaycan sutkalıq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

Neft - qaz 2019-03-18 16:06:00

Video