×
A
A
A
Sazlamalar

Astarada Baharın gəlişi bayram coşqusu ilə qeyd edilib

Astara, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Yurdumuza Bahar gəlir, fəsillərin ən gözəli, ən əzəli Bahar. Güllü-çiçəkli Bahar, sazlı-söhbətli Bahar. Gül-çiçək, gözəllik sərgisinə bənzəyir yurdumuzun hər qarışı. Bu gözəllik sərgisində Astaranın öz yeri var.
Vətənimizin dilbər guşələrindən olan Astara rayonu dövlətimizin başçısının diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki dənizkənarı park-bulvarda keçirilən bayram tədbirində Baharın gəlişi yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər. İdmançıların çıxışları da alqışlarla qarşılanıb.
Sonra Novruz tonqalı alovlandırılıb.
Milli bayramımızın əsas personajlarından olan Bahar qız bayram xonçası ilə meydana daxil olaraq astaralıları Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini əks etdirən sərgilər, Novruzun personajları olan Kosa və Keçəlin məzhəkəli çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.
“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının bayram tədbirinə qatılması şənliyin möhtəşəmliyini daha da artırıb. Yerli sakinlər və rayona gələn qonaqların əsl istirahət məskəninə çevrilmiş dənizkənarı park-bulvarda şənliyə toplaşanların çöhrəsindəki sevinc aydın duyulurdu.
Rayon sakinləri keçirilməsi yasaq olunmuş bu milli bayramı xalqa qaytaran ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, ölkəmizdə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-03-18 10:46:00