×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Heydər məscidini ziyarət edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr Ulu Öndərin adını daşıyan məsciddə təşkil olunan Vəhdət namazında iştirak ediblər.
Heydər məscidində qılınan Vəhdət namazı ənənəyə çevrilib. Bu isə dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bütün dünyaya həmrəylik və sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.
Tələbələrə məlumat verilib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst ibadəti üçün hər cür şərait yaradılıb.
Ziyarət zamanı Heydər məscidinin imamları tələbələr ilə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onların suallarını cavablandırıblar.
Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişafı istiqamətində ardıcıl tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisəsi tələbələr üçün Avropa və Gürcüstan yəhudilərinin sinaqoquna, Şuşanın Gövhər ağa məscidinin Cocuq Mərcanlı kəndində inşa edilmiş bənzəri olan məscidə, Qəbələnin Nic kəndində yerləşən Alban kilsəsinə, Şamaxıda təşkil olunan “Qış məktəbi” layihəsi çərçivəsində Dəmirçi kənd məscidinə və Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı Cümə məscidinə ziyarətlər təşkil edib.

Elm və təhsil 2019-03-18 10:37:00