×
A
A
A
Sazlamalar

AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli "China Daily" qəzetinin layihəsində iştirak edib

Pekin, 18 mart, AZƏRTAC
AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli "China Daily" qəzetinin Çində ali qanunverici orqan olan Ümumçin Xalq Nümayəndələr Yığıncağının və ali məşvərətçi orqan - Ümumçin Siyasi Məşvərət Şurasının illik iclasları ilə əlaqədar layihəsində yaxından iştirak edib.
Layihə çərçivəsində AZƏRTAC iclaslarda müzakirəyə çıxarılacaq mövzulara dair onlayn sorğunun təşkilinə və sorğu ilə əlaqədar videoçarxın hazırlanmasına dəstək verib, qanunverici və məşvərət orqanlarının iclaslarının gedişinin mətbuatda işıqlandırılmasını təmin edib. AZƏRTAC-ın dəstəyi "China Daily" qəzetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, AZƏRTAC Azərbaycan dili ilə yanaşı, ingilis, rus, fransız, alman, ərəb, ispan və Çin dillərində xəbərlər yaymaqla ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması işində xarici dövlətlərin nüfuzlu kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" qəzeti ilə qurulan əməkdaşlıq təkcə Çində deyil, eləcə də qəzetin ingilis dili versiyası vasitəsilə bütün dünyada AZƏRTAC-ın xəbərlərinin oxunmasına imkan yaradır.
Xatırladaq ki, AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlığa dair razılıq agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə edilib. Yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılıb.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2019-03-18 10:26:00