×
A
A
A
Sazlamalar

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Bakı, 18 mart, AZƏRTAC

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün martın 17-də keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlər müvafiq sertifikatı əldə etmək üçün martın 18-dən aprelin 5-i saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkində müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə adları aşağı qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Elm və təhsil 2019-03-18 10:24:00