Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş Şıxarx qəsəbəsində Novruz şənliyi

Tərtər, 18 mart, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Tərtər rayonunun işğaldan azad edilmiş Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yaşayış kompleksində təntənəli Novruz şənliyi keçirib. Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunan tədbir məcburi köçkünlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Mahir Abbaszadə, digər qonaqlar və ictimaiyyət nümayəndələri əvvəlcə ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baş çəkiblər. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə onun ətrafı abadlaşdırılıb, ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində həmin faktları əks etdirən stendlər qurulub.
Bayram tədbirində Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçilərinin çıxışları, Dədə Qorqudun bayram təbriki, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbiri şənləndirib. Meydana milli paltar geymiş atlılar daxil olub, gənc idmançıların, kəndirbazın çıxışları maraqla qarşılanıb. Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və digər nemətlərə qonaq edilib. İşğaldan azad edilmiş ərazidə tonqal qalanıb.
Bayram şənliyi yerli musiqiçilərin və Bakıdan gəlmiş muğam ustalarının iştirakı ilə rəngarəng konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-18 10:17:00