×
A
A
A
Sazlamalar

Xaçmazlı şagird: Astarada əsl bayram sevinci yaşadıq

Astara, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Tur-aksiyanın üçüncü günü Astara rayonuna səyahət etdik. Əsl bayram sevinci yaşadıq. Astarada ilk dəfədir ki, Novruz bayramını qeyd edirdik.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Astara rayonuna səyahət edən Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tam orta məktəbinin X sinif şagirdi Zomər Ələkbərov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.
Xaçmazlı məktəbli daha sonra deyib. “İlk dəfədir ölkəmizin cənub bölgəsində oluram. Xəzər dənizin sahilində, Talış dağlarının ətəyində yerləşən Astaranın əsrarəngiz gözəlliyi məni heyran etdi. Dəniz sahilində geniş ərazidə salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Biz burada keçirilən Novruz şənliyində iştirak etdik. Gördüklərim, aldığım təəssürat ölçüyəgəlməzdir. İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə dostlarımla, ailə üzvlərimlə tez-tez bu yerlərə gələcəyəm.”
Azərbaycanın bölgələri ilə tanışlığın şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə də təsir edəcəyini vurğulayan xaçmazlı məktəbli qeyd edib ki, humanitar aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı həmyaşıdlarla təcrübə mübadiləsi etmək imkanı da yaradır.

Regionlar 2019-03-18 08:45:00