Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Füzuli rayonundakı hərbi hissədə “Açıq qapı” günü keçirilib

Füzuli, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunda yerləşən hərbi hissədə “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Açıq qapı” günündə Milli Məclis sədrinin müavini Bahar Muradova, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, əsgər valideynləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova “Açıq qapı” günü ilə bağlı keçirilən tədbirdə əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara Vətənimizin müdafiəsində möhkəm dayanmağı arzulayıb. Ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışan Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunan, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib.
“Biz bütün imkanlarımızı səfərbər edərək, müasir müstəqil Azərbaycan dövlətini qura bilmişiksə, Azərbaycan dünyada sayılan-seçilən bir dövlətə çevrilibsə və dünyanın bütün nöqtələrindən getdikcə daha aydın, daha parlaq görünürsə, bunu, ilk növbədə, xalqa və ordumuza borcluyuq. Xalqla ordunun birliyi Azərbaycanı bütün çətinliklərdən aydın sabahlara aparan əsas amildir”, - deyə B.Muradova vurğulayıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev üçrəngli, ay-ulduzlu bayrağımızın Qarabağda dalğalanmasının hər bir azərbaycanlının ən böyük arzusunun olduğunu bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti ilə buna nail olacağımıza, hazırda işğal altında olan bütün torpaqlarımızda Novruz tonqallarının yenidən qalanacağına inamını ifadə edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova əsgər valideynləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüşüb. Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.
Qonaqlar şəxsi heyətin xidməti, yaşayış və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, qida rasionuna daxil olan ərzaqlar, əşyalar və geyimlərlə tanış olub, hərbi hissənin ərazisində ağac əkib, əsgərlərlə birgə nahar ediblər.
Tədbirdə bayram tonqalı qalanıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Regionlar 2019-03-17 21:47:00