Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb

Bakı, 17 mart, AZƏRTAC

Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakla görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEC+ çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti, Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb.
Aleksandr Novak hasilatın azaldılması ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və öhdəliyin icrası ilə bağlı prosesin tədrici xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər.
Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının inkişaf tendensiyalarından bəhs edərək, qiymət sabitliyinin saxlanması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, “Star” neft emalı zavoduna Rusiya neftinin təchizi, “Türk axını” layihəsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.

İqtisadiyyat 2019-03-17 23:03:00