×
A
A
A
Sazlamalar

Müdafiə naziri hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Novruz bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti hərbi hissələrdən birində keçirilən “Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak edib.
Hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanaya baş çəkiblər.
Nazirliyin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinləyən müdafiə naziri bir sıra məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.
Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra müdafiə naziri hərbi qulluqçular və qonaqlarla birlikdə bayram süfrəsi arxasında nahar ediblər.

Ordu 2019-03-17 22:10:00