×
A
A
A
Sazlamalar

Ağcabədi: bayram satış-yarmarkasında qiymətlər bazara nisbətən 30-40 faiz ucuzdur

Ağcabədi, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Ağabədidə açılan bayram satış-yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 30-40 faiz ucuz təklif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərinin mərkəzi stadionunda təşkil edilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Yarmarkaya yerli fermer və sahibkarlar tərəfindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri çıxarılıb.
Yarmarkada ət satışı ilə məşğul olan Elmir Mahmudov alıcıların çoxluğunu yüksək keyfiyyət və ucuz qiymətlə əlaqələndirib “Mal ətinin kiloqramı 6 manata, qoyun ətinin kiloqramı isə 8 manata satılır. Bu isə bazar qiymətindən xeyli ucuzdur. Qiymətlər ucuz olduğu üçün alıcılar da çoxdur. Çalışırıq ki, hamı razı qalsın”, – deyə satıcı bildirib.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildiriblər. Ağcabədi şəhər sakini Gülbadə Quliyeva yarmarkanın təşkilini yüksək qiymətləndirərək deyib: “Qiymətlər çox münasibdir. Mən də bu gün bazarla müqayisədə aşağı qiymətə ət və meyvə aldım. Bölgələrdə belə yarmarkaların keçirilməsi gözəl ənənədir. Yarmarkaların təşkilinə görə dövlətimizin başçısına minnətdarıq”.

Regionlar 2019-03-17 19:39:00