×
A
A
A
Sazlamalar

Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb

Bakı, 17 mart, AZƏRTAC
Yeniyetmə ağır atletlər arasında ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində uğurla çıxış edən Azərbaycan yığma komandası Bakıya qayıdıb.
AZƏRTAC xəbər verir ki, idmançılarımız Heydər Əliyev Beynəlxalq aeroportunda təntənəli şəkildə qarşılanıb. Onları ağır atletika federasiyasının nümayəndələri, idmançıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, martın 8-dən 16-dək 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın beş üzvü iştirak edib. Onlardan dördü yarışı medalla başa vurub. Ömər Cavadov (55 kiloqram çəki dərəcəsi) və Rüstəm Qasımov (67 kiloqram) birdən qaldırma hərəkətində bürünc medal qazanıblar. 102 kiloqram çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medal əldə edib. Sonda isə Rəhman Kazımov +102 kiloqram çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medala sahib olub.
Azərbaycan yığma komandası ölkəmizin ağır atletika tarixinə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. Ümumi medal sayina görə isə komandamız 10-cu pillədə qərarlaşıb. Bu, milli komandamızın indiyədək qazandığı ən yüksək nəticədir.

İdman 2019-03-17 19:46:00