Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tur-aksiya iştirakçılarının cənub bölgəsi ilə tanışlığı davam edir

Astara-Masallı, 18 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Quba, Xaçmaz, Qusar, Yevlax, Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəblilərinin cənub bölgəsi ilə tanışlığı davam edir.
AZƏRTAC xəbər verir ki, Lənkəranla tanışlıqdan sonra şagirdlər və onların müəllimləri martın 17-də Astara və Masallı rayonlarına gəliblər. Onları Astarada rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar. Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gələrək burada keçirilən Novruz şənliyinə qatılıblar.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev məktəbliləri və onların müəllimlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, mənalı istirahət arzulayıb. Qonaqlar milli-adət ənənələrimizi əks etdirən guşələrlə, milli mətbəx nümunələri, müxtəlif sərgilərlə tanış olub, idmançıların çıxışlarını izləyiblər. Onlar bayram tonqalı ətrafında dövrə vuraraq rəqs ediblər.
Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara baxıblar.
Günün ikinci yarısında məktəblilər və onların müəllimləri Masallı rayonuna səyahət ediblər. Masallı şəhərindəki Bayraq Meydanında keçirilən qarşılanma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, məktəblilərə xoş arzularını çatdırıb.
Aksiya iştirakçıları Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra məktəblilər Masallı Sənaye Məhəlləsi, Uşaq İncəsənət Məktəbi, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Masallıdakı “Asan həyat” kompleksində keçirilən Novruz festivalına qatılıb, həmçinin rayon məktəblilərinin "İntellektual Mərkəz"də keçirilən "Breyn-rinq" yarışmasını izləyiblər.
Astara və Masallı rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana qayıdıblar.
Məktəblilər şam yeməyindən sonra müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Regionlar 2019-03-17 18:51:00