Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Şahin” hərbi-idman oyununun Qax rayon turunda  16 komanda mübarizə aparıb

Qax, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon turunun yarışları şəhər 4 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.
Şəhər stadionunda və 2 saylı məktəb-liseydə 16 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, hədəfə “qumbara atma, tüfəngdən atəş açma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Qax şəhər 4 saylı tam orta məktəbin komandası, eyni zamanda, yarışların zona mərhələsində iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Tasmalı və Ləkit kənd tam orta məktəblərin komandaları tutublar.

Regionlar 2019-03-17 17:00:00