×
A
A
A
Sazlamalar

Qax, Zaqatala və Balakəndə buraxılış imtahanları altı mərkəzdə aparılıb

Qax, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 17-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax, Zaqatala və Balakən rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının birinci mərhələsi uğurla başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanların keçirilməsi üçün Zaqatalada 3, Balakəndə 2, Qaxda 1 olmaqla, ümumilikdə 6 imtahan mərkəzi ayrılmışdı. İmtahanlarda 2724 şagird, o cümlədən Zaqatala rayonu üzrə 1162, Balakən rayonu üzrə 964, Qax rayonu üzrə 598 şagird iştirak edib. İmtahanların idarə olunmasına bu rayonlarda 21 imtahan rəhbəri və 233 nəzarətçi müəllim cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan təlimata uyğun olaraq saat 11:00-da başlanıb.
İmtahan rəhbəri Xanbala Rüstəmovun bildirdiyinə görə, bu mərkəzdə buraxılış imtahanı Azərbaycan, rus və gürcü bölmələri üzrə aparılıb. İmtahanın idarə olunmasına ümumilikdə 4 imtahan rəhbəri və 47 nəzarətçi müəllim cəlb olunub.
Regional bölmədən verilən məlumata görə, digər imtahan mərkəzlərində də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.

Regionlar 2019-03-17 16:17:00