×
A
A
A
Sazlamalar

Xaçmazdakı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb VİDEO

Xaçmaz, 17 mart , Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Xaçmazda yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-də müəssisədə cəza çəkən 8 məhbus azadlığa buraxılıb.
Bu münasibətlə keçirilən tədbirdə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Azər İbrahimov və başqaları çıxış edərək əfv olunanları təbrik edib, Novruz bayramı ərəfəsində onların yaşadıqları sevincin gələcəkdə digər məhkumlara da nəsib olmasını arzulayıblar. Bildirilib ki, Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.
Çıxışlardan sonra cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələri təqdim edilib.
Əfv olunanlardan 4 nəfəri Bakı şəhəri, digərləri isə Abşeron, İmişli, Ağdaş və Lənkəran rayon sakinləridir.
Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.
Azadlığa çıxan məhbusların ailə üzvləri və yaxınları bu humanist addıma görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-03-17 12:39:00

Video