×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb

Bakı, 17 mart, M.Əlioğlu, M.İsayev, AZƏRTAC
Martın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim edirlər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırırlar.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Novruz bayramı ərəfəsində imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Xatırladaq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.

Sosial 2019-03-17 09:40:00