×
A
A
A
Sazlamalar

Dünya Karate Federasiyasının Təşkilat Komissiyasının sədri:Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb

Bakı, 16 mart, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycanda idman yarışları yüksək səviyyədə keçirilir. Artıq beşinci dəfədir Bakıda oluram. Birinci Avropa Oyunları zamanı Bakıda idim və bu yarışların necə yüksək səviyyədə keçirildiyinin şahidi oldum. “Baku Open” beynəlxalq karate turnirində təşkilatçılığı xüsusi qeyd etmək istəyirəm. Karateçilərin öz potensiallarından maksimum istifadə etmələri üçün geniş imkanlar yaradılıb.
Bu sözləri “Baku Open” beynəlxalq karate turniri ilə əlaqədar ölkəmizdə olan Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komissiyasının sədri Esteban Peres AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Karate üzrə Azərbaycan millisinin dünyanın ən güclü komandalarından olduğunu qeyd edən E.Peres deyib: “Azərbaycan karatesi sürətlə inkişaf edir. Hazırda komandanın heyətində güclü idmançılar var. Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Şübhəsiz, bu, ölkəmizdə idmanın inkişafına mühüm təkan verir. İdman arenaları çox mükəmməldir və yarışların təşkili üçün hər cür şərait yaradılıb”.
Dünya Karate Federasiyasının rəsmisi “Tokio 2020”də karate yarışlarında komandamızdan parlaq nəticələr gözlədiyini bildirib: “Düşünürəm ki, Azərbaycan karate komandası Tokio Olimpiadasında geniş heyətlə təmsil olunub böyük nailiyyətlərə imza atacaq”.

İdman 2019-03-16 20:08:00