×
A
A
A
Sazlamalar

Rufiz Qonaqov: Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Prezidentinin imzaladığı Əfv Sərəncamı kimliyindən asılı olmayaraq, ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu humanist addımı Novruz bayramı ərəfəsində yüzlərlə ailənin sevincinə səbəb oldu. Dövlətimizin başçısınin yüksək humanizminin təzahürü olan bu qərar həm də ölkədə vətəndaş həmrəyliyinə verilən önəmin, vətəndaşlara yüksək diqqət və qayğının göstəricisidir. Sərəncamın digər xüsusiyyəti və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, törətdikləri cinayət əməlinin məsuliyyətini dərk edərək peşmançılıq hissi keçirənlər bağışlanırlar.
“Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı hüququn aliliyinə, insanların qanunlara əməl edərək davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən qiymətdir. Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər bundan sonra da davam etdiriləcək. Çünki belə tədbirlər ölkəmizdə ictimai-siyasi sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm təsir göstərir”, - deyə R.Qonaqov vurğulayıb.
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Əfv Sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Sosial 2019-03-16 19:51:00