Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakı məktəbliləri Ordubad və Culfa rayonlarında görkəmli şəxsiyyətlərin ev-muzeyləri və tarixi abidələrlə tanış olublar

Naxçıvan, 16 mart, Tural Kəngərli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyasının ikinci günü – martın 16-da Bakı məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şagirdlər əvvəlcə Ordubad şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə gəliblər.
Bildirilib ki, məktəbin yeni binası 2015-ci il martın 29-da istifadəyə verilib. 774 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Məktəbin kitabxanasında 14 minədək kitab mövcuddur.
Qeyd olunub ki, məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə bildirilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
Paytaxt məktəbliləri görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyində də olublar. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin binası ikimərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Zalda Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvlərinin, sənət yoldaşlarının və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.
Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyini də ziyarət ediblər. Burada məlumat verilib ki, Ordubadi dövrünün ustad ədibi, ictimai xadimi kimi tanınıb. Onun bu xidmətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə yenidən qurulan muzeydə yazıçının həyat və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat saxlanılır.
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyi ilə tanışlıq da paytaxt məktəblilərində böyük maraq doğurub. Bildirilib ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev-muzeyində yenidənqurma işləri aparılıb. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat qorunur.
Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən, dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. XII əsrə aid olan Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir.
Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, Əlincəqala tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Məktəblilərin muxtar respublika ilə tanışlığı martın 18-də davam edəcək.

Regionlar 2019-03-16 19:38:00