×
A
A
A
Sazlamalar

Bəşəriyyətin narkotiklərdən xilas edilməsi yolları müzakirə olunur

Bakı, 16 mart, AZƏRTAC

Narkomaniyaya qalib gəlmək olar. Bundan ötrü narkoasılı adamlara cinayətkarlar kimi deyil, qurbanlar kimi baxmaq, narkotik vasitələrin təklifinin və onlara tələbin azaldılması üçün səmərəli siyasət işləyib hazırlamaq lazımdır.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş bu fikri narkotik vasitələr komissiyasının 62-ci sessiyasının iştirakçılarına videomüraciətində söyləyib. A.Quterreş Portuqaliyada narkotrafikə qarşı mübarizə təcrübəsini bölüşüb.
BMT rəhbəri deyib: “İyirmi il bundan əvvəl mən Portuqaliyanın baş naziri olan dövrdə ölkəmizdə narkomaniya baş alıb gedirdi. Biz narkotik alverçilərinə qarşı mübarizəyə başladıq, hüquq-mühafizə orqanlarının əməkdaşlarını zəruri informasiya və avadanlıqla təchiz etdik. Bununla bərabər hökumət narkoasılılığın qarşısının alınması və narkoinsanların müalicəsi məsələsinin həllinə tam məsuliyyətlə yanaşdı”.
“Biz qəti əmin idik ki, narkoasılı insanlar qurbanlardır, onları cəzalandırmaq yox, müalicə etmək lazımdır. Bu siyasət müsbət nəticə verdi”, - deyən Antonio Quterreşin sözlərinə görə, hazırda Portuqaliya narkotiklərdən istifadə edilməsi nəticəsində ölüm halları göstəricilərinin ən aşağı səviyyədə olduğu Avropa ölkələrindən biridir.
“Əminəm ki, biz bir-birimizdən öyrənəndə, təcrübə mübadiləsi aparanda narkotiklərin qanunsuz dövriyyəsi sahəsində tələb və təklifi daha səmərəli şəkildə azaltmağa, təhlükəsizliyi möhkəmlətməyə, BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yarada biləcəyik”, - deyən BMT rəhbəri dünyada narkotiklər problemlərinə qarşı mübarizədə səyləri artırmağa çağırıb. O bildirib ki, bu problem bəşəriyyətin sağlamlığı, təhlükəsizliyi və firavanlığı üçün ciddi təhlükə olaraq qalır. Bu gün uşaqlar və gənclər arasında narkomaniya xüsusi narahatlıq doğurur.
Narkotik vasitələr komissiyası 62-ci sessiyası bu həftə Vyanada işə başlayıb. BMT-nin məlumatına görə, hazırda dünyada təqribən 27 milyon insan narkotik asılılıqdan əziyyət çəkir. Narkomanların 10 milyondan çoxu iynə vurdurur.
Narkotik vasitələr komissiyası 1946-cı ildə yaradılıb. 53 dövləti təmsil edən bu komissiyanın üzvləri BMT İqtisadi və Sosial Şurası (EKOSOS) tərəfindən dörd il müddətində seçilir. Komissiyanın əsas funksiyası narkotik vasitələrə və psixotrop maddələrə nəzarət məsələsinə dair beynəlxalq müqavilələrin tətbiqini müşahidə etməkdən ibarətdir.
Narkotik vasitələr komissiyasının 62-ci sessiyası martın 22-dək davam edəcək. Sessiyada BMT üzvü olan dövlətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin 1500-dən çox nümayəndəsi iştirak edir.

Səhiyyə 2019-03-16 18:51:00