×
A
A
A
Sazlamalar

Qlobal Bakı Forumu çərçivəsində Cənubi Qafqazda regional təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 16 mart, AZƏRTAC
Yeddinci Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqazda regional təhlükəsizlik problemləri” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Avropa Parlamentinin üzvü Sayyad Kərim və başqaları iştirak ediblər.
Müzakirələr zamanı Cənubi Qafqazda regional əməkdaşlığa, sülhə, təhlükəsizliyə təhdid yaradan məsələlər, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Azərbaycan Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi, həmçinin VII Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyevin nitqində qeyd olunan məsələlər əsnasında ölkəmizin regional inkişafa yönəlik siyasəti və bundan irəli gələn vəzifələrə dair müzakirələr aparılıb.
Bundan başqa, Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə, ABŞ, Çin kimi ölkələrlə və digər regionlarla əməkdaşlığı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, regional inkişafla əlaqədar Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan çox uğurlu regional əməkdaşlıq modelləri qurub. Bu, Azərbaycan Respublikasının milli maraqlarına xidmət etməklə bərabər, ölkəmizin tərəfdaşlarının da maraqlarına xidmət edir. Bu kontekstdə nəqliyyat dəhlizləri, enerji layihələri və bunun əsasında qurulmuş regional əməkdaşlıq modelləri qeyd edilib. Bildirilib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistan Respublikasıdır. Əgər Ermənistan regional proseslərdə iştirak etmək, iqtisadi islahatlar proqramını həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir.

Siyasət 2019-03-16 18:25:00