×
A
A
A
Sazlamalar

Novruz yarmarkasında alıcı fəallığı yüksəkdir

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154-də "Landmark" biznes mərkəzinin yanında kənd təsərrüfatı məhsullarının növbəti "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, səhər saat 8-də açılan yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Fermerlər yarmarkanın təşkili və yaradılmış şəraitdən razıdırlar.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova Novruz bayramı münasibətilə artıq 3-cü həftədir ki, yarmarkaların keçirildiyini deyib. Ötən həftələrdən fərqli olaraq martın 16-dan 21-dək Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək. Yarmarkalarda müxtəlif regionlardan gətirilmiş meyvə-tərəvəz, ət və süd məhsullarının satışı həyata keçirilir. Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər yarmarkalarda iştirak üçün heç bir ödəniş etmirlər. Əgər onların daşımaçılıqda hər hansı problem yaranarsa, Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edə bilərlər. Bu xidmət pulsuz şəkildə olacaq. Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş bu yarmarkalarda bayram günü əyləncə tədbirlərinin də təşkili nəzərdə tutulub. Qiymətlər çox münasib olduğu üçün alıcı fəallığı da yüksəkdir. Çalışırıq ki, hər dəfə yarmarkalara daha çox fermerləri və müxtəlif çeşiddə məhsulları cəlb edək.
Zaqatala rayonundan çərəz, meyvə quruları təklif edən fermer Nemət Süleymanlı ilk dəfə belə yarmarkada iştirak etdiyini və davamlı olaraq qatılacağını deyib. Təxminən 400 kiloqramadək məhsul gətirdiyini deyən fermer qeyd edib ki, bayram süfrəsində daha çox çərəzlər, quru meyvələr istifadə olunduğu üçün alıcılara bazar qiymətlərindən xeyli sərfəli qiymətə təklif edirik. Çalışırıq ki, hamının süfrəsində bu məhsullardan olsun.
Xaçmaz rayonunda dovşançılıq təsərrüfatı ilə məşğul olan fermer Etiram İsrafilov deyib ki, Novruz bayramına özəl yarmarkada alıcılara dovşan əti təklif edirik. Yarmarkaya 30 dovşan gətirmişəm. Alıcılarımız çoxdur. Dovşan ətinin faydalarından danışan fermer qeyd edib ki, dovşan əti əsasən şəkərli diabet, qastrit, qaraciyər və öd yolları, ürək, böyrək və yüksək təzyiq xəstələri üçün çox faydalıdır. Uşaqlar üçün də çox xeyirlidir. Tərkibində xolesterin sıfıra bərabərdir. Satışımızın məqsədi həm də insanları maarifləndirməkdir.
Yarmarkadakı qiymətlərdən və məhsullardan razılığını bildirən alıcı Xuraman Məmmədova bal almaq üçün yarmarkaya gəldiyini deyir: “Burada satılan məhsulların təmiz və keyfiyyətli olduğu, həm də evimə yaxın olduğu üçün bayram bazarlığımı buradan edirəm. Alqışalayiq təşəbbüsdür. Çox istərdim bu yarmarkalar daimi olsun, həm büdcəmizə qənaət etmiş olarıq, həm də orqanik məhsullardan yararlanarıq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində Novruz yarmarkaları keçirilir.

İqtisadiyyat 2019-03-16 14:24:00