×
A
A
A
Sazlamalar

"Kreativ iqtisadiyyat" diskussiya klubunda elmi müzakirələr aparılıb

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun "Kreativ iqtisadiyyat" diskussiya klubunda "Elm günü"nə həsr olunmuş növbəti elmi müzakirə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin direktoru, professor Nazim Müzəffərli “İqtisad elmi: nəzəri və tətbiqi tədqiqatların vəhdəti” mövzusunda məruzə ilə çıxış edib. Professor iqtisad elmində nəzəri və tətbiqi tədqiqatlar, onların arasındakı fərqlər və vəhdət təşkil edən amillərdən danışıb. O, Rusiya və Qərb alimlərinin məsələyə elmi yanaşmaları, nəzəri və praktiki araşdırmaların müasir iqtisadi inkişafda rolundan bəhs edib.
AMEA-nın müxbir üzvləri Akif Musayev və Şahbaz Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Ümüdvar Əliyev, professorlar Müşfiq Atakişiyev, Təbriz Əliyev, Rəna Sultanova və başqaları iqtisadi tədqiqatların obyekti, metodologiyası, dünya iqtisadiyyatında baş verən böhranlar və yeni nəzəriyyələrin meydana gəlməsi barədə mülahizələrini bölüşüblər.

Elm və təhsil 2019-03-16 14:20:00