×
A
A
A
Sazlamalar

Yasamal rayonunda Novruz yarmarkası yüksək səviyyədə təşkil olunub

Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz təklif edirlər. Yarmarkada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.
Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkaların məqsədi fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsi, əhalinin isə ucuz qiymətə məhsul almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Buna görə də Novruz yarmarkalarında alıcı fəallığı yüksəkdir.
Yarmarkada çərəz məmulatlarının satışı ilə məşğul olan Quliyev Əvəz alıcıların çox olduğunu bildirib. “Qiymətlər münasib olduğundan alıcı çoxdur. Məhsulumuz İsmayıllı rayonundan gətirilib. Çalışırıq ki, alıcılarımız həm qiymətlərdən, həm də bizdən razı qalsınlar”.
Xatırladaq ki, ölkə başçısının tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.

İqtisadiyyat 2019-03-16 14:13:00