Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 16 mart, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının 1 şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird, 20 müəllim iştirak edir.
AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində iştirakçılar martın 16-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Naxçıvan şəhəri 8 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Günel Vəliyeva müxbirimizə müsahibəsində deyib: “Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmək mənim çoxdankı arzum idi. Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, biz şagirdlərə belə bir şərait yaradıb və mənim arzum bu gün reallaşdı. Tur-aksiya çərçivəsində Bakı şəhərinin tarixi yerlərini gəzdik, kitablardan oxuduğumuz tarixi abidələrlə əyani tanış olduq”.

Elm və təhsil 2019-03-16 13:35:00