Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Novruz yarmarkasında qiymətlər bazardakından xeyli ucuzdur

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Nizami rayonunun Naxçıvanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının növbəti Novruz yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, səhər saat 9.00-dan açılan yarmarkada respublikanın bir çox bölgələrindən gəlmiş fermerlər rayon sakinlərinə öz məhsullarını təklif ediblər.
Qeyd edək ki, məhsullar müxtəlif çeşiddə və bazar qiymətindən xeyli ucuzdur və alıcıları qane edir. Fermerlər də yarmarkanın təşkili və onlar üçün burada yaradılmış şəraitdən razılıq edirlər.
Hacıqabul rayonunun Ağacanlı kəndindən gəlmiş İlqar Süleymanov müştərilərə yumurta təklif edir. Həmsöhbətim deyir ki, yumurtanın qiyməti bazarla müqayisədə ucuz olduğundan alıcıları qane edir. Onun sözlərinə görə, axşama qədər satıb qurtaracaq.
Sakinlərə toyuq məhsulları təklif edən digər fermer – Kürdəmir sakini Roman İsmayılov da alış-verişdən razılığını bildirib.
R.İsmayılov deyib ki, rayonda böyük təsərrüfatı var və ailəsi ilə birgə toyuq yetişdirib satmaqla məşğuldur. Toyuğun ədədini 3,5 manata satdığını bildirən fermer müştərilərin bu məhsulu həvəslə aldığını söyləyib.
Hər iki fermer bu cür yarmarkaların təşkili və onlar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov səhər saatlarında yarmarkanı ziyarət edib, fermerlərlə görüşüb, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka martın 16-dan 21-dək hər gün fəaliyyət göstərəcək.

İqtisadiyyat 2019-03-16 11:50:00