×
A
A
A
Sazlamalar

“Baku Open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib: “Azərbaycan idmanı dövlətin diqqət və qayğısı sayəsində getdikcə inkişaf edir. Atletlərimiz uğurlarını artırmaqda davam edirlər”.
Bildirib ki, Azərbaycan müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarına, beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə ənənəvi olaraq keçirilən “Baku Open” beynəlxalq turnirinin bu dəfə də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov sayca 10-cu olan “Baku Open” beynəlxalq turnirinin milli federasiyanın 25 illiyinə həsr olunduğunu bildirib.
Qeyd edib ki, ötən illər ərzində karateçilərimiz böyük uğurlar əldə ediblər: “Azərbaycanda dünyanın bir nömrəli karateçisi, beşqat dünya çempionu Rafael Ağayev kimi idmançı yetişib. Komandamızın heyətində dünya, Avropa çempionları yer alır. İrina Zaretska keçən il dünya çempionu titulunu qazanıb. Hazırda yeniyetmə və gənclər arasında çoxlu perspektivli karateçilər var”.
Y. Bəşirov komandanın gələcəkdə də daha böyük nailiyyətlər qazanacağına inandığını bildirib.
Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komissiyasının sədri Esteban Peres “Baku Open” turnirinin sınaq baxımından karateçilər üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. “Gələn il Azərbaycanda Avropa çempionatı keçiriləcək. Azərbaycanda idman infrastrukturunu, imkanlarını xüsusi qeyd etmək istəyirəm. Milli Gimnastika Arenası gördüyüm bütün stadionlardan yaxşıdır. Karate Olimpiya idman növüdür. Azərbaycanda karatenin inkişafı, təşkil edilən yarışların yüksək səviyyəsi gələcəkdə daha böyük uğurlara zəmanət verir”,- deyə o, əlavə edib.
Sonra çıxış edən Dünya Karate Federasiyasının hakimlər komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) hakimlər komitəsinin sədri Alois Viesboek qeyd edib ki, hər dəfə Azərbaycana gələndə çoxlu yeniliklər və böyük inkişafın şahidi olur. “Baku Open”in təşkilatçılıq səviyyəsini xüsusi qeyd etmək istəyirəm. Bu yarış Avropa çempionatı səviyyəsində keçirilir. Yarışda idmançıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər cür şərait yaradılıb”, - deyə A. Viesboek bildirib.
Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan çıxış edərək turnirin yüksək səviyyədə təşkilini vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyada güclü karate ölkələrindən biridir: “Digər idman növləri kimi karate də Azərbaycanda getdikcə inkişaf edir. Dünya karatesinin bir nömrəli idmançısı Rafael Ağayev yeniyetmə və gənc idmançılar üçün parlaq örnəkdir”.
Açılış mərasimindən sonra yarışlar davam edib.
Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri martın 14-də start götürüb. Fərdi kata və kumite yarışlarının birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparıblar. Martın 15-də 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxıblar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

İdman 2019-03-15 22:24:00