×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqasının 21-ci turuna yekun vurulub

Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də futbol üzrə Topaz Premyer Liqasının 21-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda turnir cədvəlinin hazırkı lideri "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. "Neftçi"nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub.
Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.
Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran "Neftçi" liderliyini davam etdirsə də, ikinci yerdəki "Qarabağ"la eyni xala malikdir. "Qəbələ" isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ"-"Səbail"i 2:1, "Zirə"-"Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah"-"Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.

İdman 2019-03-15 22:04:00