×
A
A
A
Sazlamalar

Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə bağlı Podqoritsanın parklarında xatirə ağacları əkilib VİDEO

Podqoritsa, 15 mart, AZƏRTAC

Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə bağlı martın 15-də ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi, Podqoritsa şəhər meriyası və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə dahi dramaturq Hüseyn Cavidin büstünün yerləşdiyi “Kral parkı”nda və “Bakı” küçəsinin yerləşdiyi “Toloşi parkı”nda xatirə ağacları əkilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Podqoritsa merinin beynəlxalq əlaqələr üzrə müavini Draqutin Cekoviç, Yaşıllıq İdarəsinin rəhbəri Daça Popoviç, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin, “Azmont Investments” şirkətinin və “Nova Banka”nın nümayəndələri, yerli KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov bu il iyulun 9-da Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirib, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib.
A.Əcəmov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müstəqil dövlət kimi tanındığını və cəmi 23 ay mövcud olan Cümhuriyyətin fəal xarici siyasət həyata keçirdiyini söyləyib.
Müşavir ümummilli lider Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan dövlətçiliyinin əsaslarının Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqəli olduğunu vurğulayıb.
O, Azərbaycan ilə Monteneqro arasında bütün sahələrdə əlaqələrin inkişafından məmnunluğunu bildirərək Podqoritsa şəhərində dahi şair və dramaturqumuz Hüseyn Cavidin büstünün “Kral Parkı”nda qoyulmasını və əsas küçələrdən birinə “Bakı” adının verilməsini xalqlarımızın dostluq əlaqələrinin rəmzi kimi qiymətləndirib.
Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində cənazəsi qürbətdən – uzaq Sibirdən Vətənə gətirilərək doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Prezident İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən 2013-cü ildə reallaşdırılıb.
Draqutin Cekoviç çıxış isə çıxışında belə tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib və iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrindən danışıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Monteneqro

Siyasət 2019-03-15 20:50:00

Video