×
A
A
A
Sazlamalar

Faiq Fərmanov: “Hackathon” müsabiqəsinin iştirakçıları gələcəkdə böyük layihələrə cəlb olunacaqlar

Bakı, 15 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Martın 11-dən 15-dək Bakıda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bir sıra maraqlı tədbirlər oldu. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən “Hackathon” müsabiqəsi keçirildi. “Hackathon” bizim birbaşa iştirakımızla baş tutdu. Bu müsabiqədə savadlı, istedadlı gənclər iştirak edib. Yarışmanın keçirilməsindən və nəticələrindən razı qaldıq. Bu istedadlı gənclər həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həm də Elektron Təhlükəsizlik Xidməti, həmçinin Məlumat Hesablama Mərkəzi tərəfindən gələcəkdə layihələrdə iştirak üçün cəlb olunacaqlar.
Bu barədə AZƏRTAC-a müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib.
“Hesab edirəm ki, bu müsabiqə iştirakçıları üçün də böyük təcrübə oldu. Tədbirdə iştirak edən bütün tərəflər razı qaldılar. “Kibertəhlükəsizlik həftəsi” silsilə xarakter daşıyacaq və gələcəkdə daha geniş şəkildə keçiriləcək”, - deyə Elektron Təhlükəsizlik Xidmətinin rəisi vurğulayıb.

İKT 2019-03-15 18:18:00