×
A
A
A
Sazlamalar

“Məclisi-üns – Xan qızının qonaqları” adlı musiqili ədəbi-bədii tədbir təşkil edilib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15–də Xalça Muzeyində görkəmli şair Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Məclisi-üns – Xan qızının qonaqları” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyası Səbail rayonunun təşkilati dəstəyi ilə reallaşıb.
Tədbirdə muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev şairin ömür yolu və yaradıcılığından danışıb. Qeyd edib ki, tədbirin Novruz bayramı ərəfəsində keçirilməsi Natəvanın zəngin yaradıcılığı ilə yanaşı, həm də adət-ənənələrimizin geniş təbliğinə xidmət edir.
Ə.Nuriyev tarixboyu xalqımızın Novruz bayramını sonsuz sevinc hissləri ilə qeyd etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağın incisi sayılan gözəl diyarımız Şuşada dünyaya göz açmış, XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairi, xalq arasında Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvan xalqın bayrama hazırlığına xüsusi diqqət yetirər, çərşənbələr və Novruz bayramında şeir və musiqili məclislər təşkil edərdi.
Tədbirdə şair haqqında “Azərtelefilm”in çəkdiyi sənədli film nümayiş olunub.
Sonra Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Anar Şuşalı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürovun rəhbərliyi ilə universitetin tələbələri şairin əsərlərindən ibarət proqramla çıxış ediblər.

 

Mədəniyyət 2019-03-15 17:37:00