×
A
A
A
Sazlamalar

Akademik Fəxrəddin Qədirov: Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir

Bakı, 15 mart, AZƏRTAC 

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.
Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.
Fəxrəddin Qədirov bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə 14 nəfər qəbul olunub. Alim vurğulayıb ki, dissertasiya mövzuları yer elmlərinin prioritet istiqamətlərini əhatə etməli və müasir elmin qarşısında duran əsas tələblərə uyğun seçilməlidir. Qeyd edib ki, müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet istiqamətlərə aid seçilən mövzular Azərbaycanda davamlı inkişafın təmin edilməsində praktik əhəmiyyətli olmalıdır.
Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin “Elm günü” ilə əlaqədar YEB-nin müəssisələrinin elmi fəaliyyəti ilə fərqlənən əməkdaşlarının bölmənin fəxri fərmanları ilə təltif edilməsi məsələsinə baxılıb. Prezident İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, bu, Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümü olmaqla yanaşı, elmin ölkədə əsas hərəkətverici qüvvəyə çevrilməsi üçün böyük şərait yaradır və məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi kimi elmin tərəqqisinə xidmət edir.
İclasda bir qrup əməkdaşın “Elm günü” münasibətilə bölmənin fəxri fərmanları ilə təltif edilməsi qərara alınıb.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

Elm və təhsil 2019-03-15 17:57:00