×
A
A
A
Sazlamalar

RF XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin formatı tərəflərin razılığı əsasında dəyişdirilə bilər

Moskva, 15 mart, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin formatı tərəflərin razılığı əsasında dəyişdirilə bilər.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə söyləyib.
O qeyd edib ki, Rusiya, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqların formatı barədə öz fikrini dəfələrlə söyləyib: bu format tərəflərin razılığı əsasında dəyişdirilə bilər.
M.Zaxarova deyib: “Əgər tərəflər müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlarda təmsil olunması barədə razılığa gəlsələr, bu məhz tərəflərin qərarı olacaq və biz həmin qərara hörmət edəcəyik. Bu, təkcə bizim mövqeyimiz deyil. “Üçlüyün” digər üzvlərinin mövqeyi də belədir və mən də tövsiyə etmək istərdim ki, həmsədrlərin 9 mart tarixli sonuncu bəyanatına diqqət yetirilsin, həmin bəyanatda Rusiya, ABŞ və Fransanın bu məsələyə yanaşmaları yetərincə dəqiq əks etdirilib”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2019-03-15 17:38:00