×
A
A
A
Sazlamalar

Mərkəzi Bankda "Kibertəhlükəsizlik günü"

Bakı, 15 mart, AZƏRTAC
"Microsoft" şirkətinin ölkəmizdə rəsmi nümayəndəliyinin dəstəyi ilə kibertəhlükəsizlik üzrə ekspertləri Mərkəzi Banka dəvət edilib və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə "Kibertəhlükəsizlik və müdaxilə sınaqlarının mahiyyəti" adlı tədbir keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, tədbirdə "İnformasiya təhlükəsizliyi üzrə trendlər", "Kibertəhlükəsizlik zərurəti", "Haker təhdidləri", "Müdaxilə sınaqları üzrə tövsiyələr" mövzularında təqdimatlar olub, kiberhücum nümunələri nümayiş etdirilib, habelə kibertəhlükəsizliyin gücləndirilməsi üzrə müvafiq tövsiyələr verilib. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kibertəhlükəsizlik tədbirləri barəsində diskussiyalar aparılıb.
Mərkəzi Bank innovativ maliyyə texnologiyalarının genişləndirilməsi, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində bundan sonra da davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Qeyd edək ki, beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən çağırışların davamlı izlənilməsi və innovativ həllərin bank sferasına çatdırılması Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan elektron xidmətlərin genişləndirilməsi məlumat mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsini və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılmasını vacib edir.

Maliyyə 2019-03-15 17:32:00