×
A
A
A
Sazlamalar

Məktəbdə “Elm günü”nə həsr olunan “Kimya fənn gecəsi” təşkil edilib

Bakı, 15 mart, AZƏRTAC 

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun gənc alimləri ilə birlikdə Bakının Nizami rayonundakı 251 nömrəli tam orta məktəbdə “Elm günü”nə həsr olunan “Kimya fənn gecəsi” təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Əzizova belə maraqlı tədbirlərin istedadlı şagirdlərin elmə marağının artırılmasında böyük rol oynadığını vurğulayıb.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov ölkə rəhbərinin martın 27-nin “Elm günü” elan olunması haqqında verdiyi Sərəncamın əhəmiyyəti, bununla əlaqədar akademiya rəhbərliyinin təsdiq etdiyi tədbirlər planına uyğun yerinə yetirilən silsilə tədbirlər haqqında geniş məlumat verib. O, gənc alimlərlə birgə təşkil olunan bu tədbirin “Elm günü”nə töhfə olduğunu vurğulayıb.
Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev zərif üzvi kimya və tibb kimyasının aktual probleminə həsr olunan “Özümüzü qorxulu xəstəliklərdən necə qoruyaq?” mövzusunda təqdimatla çıxış edib.
Tədbir çərçivəsində şagirdlərin elementar kimya biliklərini qiymətləndirmək üçün onların arasında “Kimyanı məntiqlə düşün” adlı müsabiqə keçirilib.
İnstitutun gənc magistrləri şagirdlərin iştirakı ilə bir neçə maraqlı kimyəvi əyləncəli-öyrədici təcrübə nümayiş etdiriblər.
Tədbirin sonunda müsabiqədə qalib olan və elmi müzakirələrdə fəallığı ilə seçilən məktəblilərə diplom və təşəkkürnamələr təqdim olunub.

Elm və təhsil 2019-03-15 17:22:00