Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hesablama Palatasının nümayəndə heyəti İsraildə konfransda iştirak edib

Bakı, 15 mart, AZƏRTAC
Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və Dövlət investisiyalarının auditi şöbəsinin müdir müavini Elvin Hacıyev Qüds şəhərində "Fövqəladə hallar və yaranan problemlər" mövzusunda keçirilən III EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı)-ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) birgə konfransında (EIES-2019) iştirak ediblər. Konfrans Van Leer İnstitutunda keçirilib, 44 ölkə və müxtəlif təşkilatlardan 125-dən çox nümayəndə təmsil olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda iki əsas mövzu müzakirə edilib, "Fövqəladə hallar" mövzusu təbii fəlakətlərə hazırlıq, fəlakətin idarə edilməsi, terror hücumları ilə mübarizə, kibertəhlükəsizliyə qarşı təhdidlər və bir çox başqa məsələləri, "Yaranan problemlər" mövzusu isə miqrasiya və qaçqın problemlərinin həlli, yaşlı əhali, pensiyalar, BMT-nin dayanıqlı inkişaf məqsədləri, rəqəmsallaşma, blokçeyn, böyük məlumat bazası və digər bu kimi sahələri əhatə edib.
Plenar sessiyanın açılışında İsrail Ali Audit Qurumunun Dövlət Müfəttişi və Ombudsmanı hakim Yosef Şapira konfransın əhəmiyyətini qeyd edib, açılış mərasimi EUROSAI-ın 1-ci vitse-prezidenti, Çexiya Respublikası ali audit qurumlarının prezidenti Miloslav Kalanın və ASOSAI-ın sədri, Vyetnam ali audit qurumunun baş auditorunun müavini Doan Xuan Tienin çıxışları ilə davam edib.
Nümayəndə heyəti "Fövqəladə hallarda real vaxt auditi - ikiqat çağırış", "İşçi qüvvəsi 2030 - Sizin ölkə hazırdırmı?" və "Kiberfövqəladə hallara hazırlıq" mövzuları üzrə işçi sessiyalarda iştirak edib.
Bununla yanaşı, konfrans "Qlobal texnologiya ilə idarə edilən iqtisadiyyatda çağırışlar", "Kibertəcili vəziyyətə hazırlıq", "Yaranan problemlərin həlli-innovasiyaların təşviq edilməsi üçün hökumətin təşəbbüsləri", "XXI əsrin əsas cərəyanları" və işçi sessiyalarda müxtəlif digər mövzular üzrə təqdimatlarla davam edib.

İqtisadiyyat 2019-03-15 17:17:00