×
A
A
A
Sazlamalar

Xüsusi məktəbdə Novruz bayramı münasibətilə tədbir təşkil edilib

Bakı, 15 mart, AZƏRTAC
Bakıdakı 268 nömrəli xüsusi məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin direktoru Seyfəddin Mustafayev bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib. O, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu söyləyib.
S.Mustafayev şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə şagirdlər Novruz bayramına həsr olunmuş folklor nümunələrindən parçalar söyləyib, mahnılar oxuyub və maraqlı səhnəciklər nümayiş etdiriblər.
Bayram tədbiri birliyi və həmrəyliyi təcəssüm etdirən “Yallı” rəqsi ilə yekunlaşıb.

Elm və təhsil 2019-03-15 16:58:00