×
A
A
A
Sazlamalar

AMEA-nın Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan öncə Əlyazmalar İnstitutu və Cəfər Cabbarlının ev-muzeyinin birgə əməkdaşlığı ilə böyük dramaturq, şair, rejissor və ictimai xadim Cəfər Cabbarlının elmi müəssisədə mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgiyə baxış keçirilib. Sərgidə ilk dəfə ədibin əlyazmalarının avtoqraf nüsxələri, əsərlərinin ilk nəşrləri və şəxsi sənədləri nümayiş olunub.
Konfransı açan Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Cəfər Cabbarlının şəxsi arxivində saxlanılan xalqlar dostluğu və ədəbi əlaqələrə dair materiallar” mövzusunda məruzə ilə çıxış edib. Alim yazıçının zəngin arxivində qorunan nümunələrdən danışıb.
Sonra filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Cəfər Cabbarlı şəxsiyyəti xatirələrdə” mövzusunda məruzəsi dinlənilib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı” mövzusunda məruzəsində dramaturqun bugünkü dövrümüzlə səsləşən, aktuallığını itirməyən yaradıcılığını təhlil edib.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın məruzəsi isə “Cəfər Cabbarlı arxivində məktublar” mövzusunu əhatə edib.
Dramaturqun nəvəsi, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı konfransın və sərginin təşkili üçün Əlyazmalar İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən keçirilib.

Elm və təhsil 2019-03-15 16:33:00