×
A
A
A
Sazlamalar

Dmitri Savelyev: Azərbaycan sülh və təhlükəsizlik carçısıdır

Bakı, 15 mart, AZƏRTAC
Dünyanın intellektual elitası planetimizin ən aktual problemlərini müzakirə etmək üçün Yeddinci Qlobal Bakı Forumuna toplaşıb. Qonaqpərvər Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin iştirakçıları arasında Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də var.
D.Savelyev AZƏRTAC-a müsahibəsində forumdan aldığı təəssüratlarını bölüşüb.
-Dmitri İvanoviç, Bakı çox mühüm beynəlxalq tədbirlərin parlaq təşkilatçısı kimi özünü çoxdan təsdiq edib. Siz Qlobal Bakı Forumunun hansı xüsusiyyətlərini qeyd etmək istərdiniz?
-Sizin suala cavab vermək üçün bu forumun tarixinə müraciət etmək lazımdır. Yeni diskussiya məkanı yaradılması təşəbbüsünün müəlliflərindən biri dünyanın 56 ölkəsinin keçmiş prezidentlərini və sabiq baş nazirlərini birləşdirən, 80-dən çox üzvü olan Madrid klubu idi. Öz ölkələrinin siyasi və dövləti həyatında böyük rol oynamış bu şəxsiyyətlər zəngin təcrübəyə malikdir və qlobal problemlərin müzakirəsi üçün onların təcrübəsindən istifadə etmək böyük uzaqgörənlik idi. Dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də Madrid klubunun bu təşəbbüsünü dəstəklədi və bu mərkəz Forumun təşkilatçısı qismində çıxış etdi. Tədbir altı il ərzində dünyanın nəhəng intellektual potensialının cəmləşdiyi bir məkan kimi özünü göstərib: burada aparıcı siyasətçilər, alimlər və jurnalistlər, analitik mərkəzlərin və müxtəlif fondların nümayəndələri toplaşır. VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Belə sanballı auditoriya həm tədbirin özünün əhəmiyyətini, həm də onu keçirən ölkənin nüfuzunu təsdiq edir.
-Bu Forum şəxsən sizə onun iştirakçısı kimi necə təsir bağışladı?
-İlk növbədə deməliyəm ki, forumda heyranedici həmrəylik ruhu duyulur. Bəli, biz hamımız müxtəlif ölkələri və bəzən diametral əks baxışları təmsil edirik, lakin bu, qlobal problemləri dostluq və kollegiallıq şəraitində müzakirə etməyimizə mane olmur. Panel müzakirələrində qızğın diskussiyaların, fikir ayrılıqlarının yekununda formalaşan qiymətli ideyalar dünya siyasətinin inkişafına müsbət təsir göstərəcək və daha davamlı beynəlxalq təhlükəsizlik sistemi yaradılmasında nəzərə alınacaq. Bundan əlavə, forum həm siyasi məsələlərin, həm də ikitərəfli münasibətlərin müzakirəsi üçün imkan yaradır. Mənə məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu foruma gəlmiş Əfqanıstan, Albaniya, Monteneqro və Moldova prezidentləri ilə, habelə Bolqarıstanın baş naziri ilə şəxsən söhbət edib. Yəqin ki, bu görüşlər yeni iqtisadi və humanitar təşəbbüslər şəklində təzahür edəcək.
-Sizin fikrinizcə, nəyə görə məhz Azərbaycan belə yüksək səviyyəli beynəlxalq tədbirləri uğurla keçirməyə nail olur?
-Sizə xatırlatmalıyam ki, bu forum başlanğıcda öz statusuna görə Cənubi Qafqaz miqyaslı tədbir kimi nəzərdə tutulmuşdu, lakin çox qısa müddətdə regional çərçivələri aşdı və müzakirə edilən problemlərin miqyasına görə qlobal forum oldu. Məncə hər şey onunla bağlıdır ki, Azərbaycan qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq ab-havası yarada bildi, belə tədbirlərdəki açıqlıq və müxtəliflik energetikası isə bir növ brend oldu. Prezident İlham Əliyev öz çıxışında multikulturalizm siyasətini gərginliyin azaldılması üçün bir stimul adlandırdı. Bu siyasət dünyanın təhlükəsizlik, sabitlik və firavanlıq yolu ilə irəliləməsinə imkan verir. Forumda müşahidə etdiyim bir hadisəni qeyd etmək istəyirəm: Bolqarıstanın baş naziri Boyko Borisov onun ölkəsindəki “Trapezitsa” memarlıq muzey-qoruğunun, o cümlədən orta əsrlərdən qalmış kilsələrin bərpasına Azərbaycan tərəfindən göstərilmiş köməyə görə minnətdarlığını bildirdi. Yəni, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan pravoslav kilsələrinin bərpası üçün vəsait ayırıb. Məgər dünyada bu cür nümunələr çoxdurmu?
-Forum iştirakçıları panel diskussiya sessiyaları çərçivəsində hansı problemləri müzakirə ediblər?
-Forumun proqramında təxminən 10 belə iclas planlaşdırılıb, o cümlədən “Orta Şərq regionunda təhlükəsizlik naminə əməkdaşlıq”, “Davamlı inkişafın çağırışları” və “Qlobal siyasətin dəyişməsində böyük qüvvələrin rolu”. İştirakçılar qeyd etdilər ki, beynəlxalq rəqabət planetdə ciddi problemlər, risk və qorxu hissi əmələ gətirir, lakin bu rəqabət qarşıdurma nəzərdə tutmur, ona görə də əməkdaşlığa inamın itirilməsi davamlı qlobal sülh uğrunda mübarizədə əvvəlcədən uduzmağa bərabərdir. Mürəkkəb problemlərin həllinin ən yaxşı üsulu insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında dialoq, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-gedə artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasını və həqiqi mənada fəal iştirakını tələb edir. Forumun iştirakçıları bu tədbirdə ifadə edilmiş konkret təklifləri siyasi səlahiyyət sahiblərinə çatdırmağa hazırdırlar.
-“Dünyanın yeni xarici siyasəti” VII Qlobal Bakı Forumunun əsas mövzusu elan edilib. Bu nə deməkdir?
-Belə bir məsəl var, deyərlər, ən böyük yenilik – yaxşıca unudulmuş köhnəlikdir. Prezident İlham Əliyev forumdakı çıxışında zarafatla dedi ki, Azərbaycanın yeni xarici siyasət barədə danışması üçün əsas yoxdur. Həqiqətən, bütövlükdə dünyada və bu regionda vəziyyətin dəyişməsinə baxmayaraq, sizin respublikanın xarici siyasəti sabitdir, proqnozlaşdırıla biləndir, müstəqildir və milli maraqlara söykənir. Bu siyasətin özəyi tərəfdaşlıq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə qonşu ölkələrlə mehriban münasibətlər yaratmaqdan ibarətdir. Bu isə, təhlükəsizliyə və sabitliyə doğru aparan birbaşa yoldur. Moldova Prezidenti İqor Dodon vurğuladı ki, xarici siyasət NATO yönümlü və ya Avropa yönümlü olmalı deyil, bu siyasət milli mənafelərə əsaslanmalıdır. İ.Dodon nümunə kimi öz ölkəsini göstərdi. Moldova MDB-nin üzvü olub, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu alıb və Avropa İttifaqı ilə assosiasiya barədə saziş imzalayıb. Bunun sayəsində Moldova MDB və Aİ ölkələri ilə azad ticarət imkanı qazanıb, onun vətəndaşları isə Avropa ölkələrinə vizasız gedib-gəlmək hüququ əldə ediblər. Məsələyə bu cür yanaşdıqda heç bir dövlət çirkin siyasi sövdələşmələrin qurbanı olmamalı, özünün xarici siyasətinə, beynəlxalq münasibətlərin onilliklər ərzində formalaşmış norma və qaydalarına dönmədən riayət etməlidir.
-Burada biz hökmən Qarabağ münaqişəsi məsələsinə toxunmalıyıq, çünki Prezident İlham Əliyev forumdakı çıxışında bu məsələyə ciddi diqqət yetirib. Hazırda bu problem beynəlxalq hüquq çərçivəsində nə dərəcədə həll edilir?
-Son vaxtlar Ermənistan hökuməti danışıqların formatını dəyişməyə, tanınmamış qondarma “Arsax Respublikası”nı danışıqların üçüncü tərəfi kimi cəlb etməyə çalışır. Azərbaycan bu cəhdi ölkənin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş real qərarların yolunu bağlamaq cəhdi kimi qiymətləndirir. Azərbaycan tərəfi uzun illər boyu yalnız danışıqlar xatirinə aparılan danışıqlardan təngə gəlib və tamamilə haqlı olaraq, konkret tədbirlər görülməsini tələb edir. Sevindirici haldır ki, Azərbaycanın bu mövqeyi həm ATƏT-in Minsk qrupunun həmsədrləri (ilk növbədə Rusiya), həm də Avropa İttifaqının yüksəkvəzifəli nümayəndələri tərəfindən dəstəklənir: danışıqların formatını dəyişmək üçün göstərilən hər hansı cəhdlər onun pozulmasına doğru aparır, buna görə bütün məsuliyyət həmin dəyişikliyə can atan tərəfin üzərinə düşür. Hesab edirəm ki, indiki şəraitdə BMT prinsipial mövqe tutmalı və konkret tövsiyələr verməli, Ermənistan rəhbərliyi isə siyasi iradə nümayiş etdirərək danışıqları daha konstruktiv məcraya yönəltməlidir.

Siyasət 2019-03-15 16:05:00