×
A
A
A
Sazlamalar

"AzerGold" QSC optimallaşdırma işlərini davam etdirir

Bakı, 15 mart, AZƏRTAC
"AzerGold" QSC istehsalatda əməliyyat proseslərinin optimallaşdırılmasını davam etdirir. Bu tədbirlər çərçivəsində Daşkəsən şəhərində yerləşən 110/35/6 kV-luq yarımstansiyadan Çovdar filiz emalı sahəsinə ümumi uzunluğu 8.9 kilometr təşkil edən, 71 ədəd dayaqdan ibarət olan 35 kV-luq Elektrik Veriliş Xətti (EVX) çəkilib. Hava xəttində istifadə olunan AS 120 kvadratmillimetr naqilinin nominal yükgötürmə qabiliyyəti 390 A-ə bərabərdir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, yeni xətt elektrik təchizatı xərclərini təxminən 50 faiz azaltmaqla yanaşı, Çovdar yatağının yeraltı (sulfid) istismar mərhələsində elektrik enerjisinə artacaq tələbatı tam ödəmək qabiliyyətindədir. Bu günədək elektrik təchizatı üçün istifadə olunan generatorlar isə ehtiyat elektrik enerjisi mənbəyi kimi istifadə olunacaq.
Qeyd edək ki, "AzerGold" QSC bütün sahələr üzrə mütəmadi olaraq optimallaşdırma işləri həyata keçirir. Belə ki, ötən il ərzində aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq Çovdar filiz emalı sahəsində yerləşən qırma-ələmə sahəsinin filiz emaletmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30 faiz azaldılaraq, qızıl hasilatında 2017-ci ilə nisbətən 33 faiz artıma nail olunub.

İqtisadiyyat 2019-03-15 16:20:00