×
A
A
A
Sazlamalar

ADNSU-nun startapçı tələbələrinin mağazası açılıb

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi START” Startap və İnnovasiya Mərkəzinin startapçı tələbələrinin “AzİİStore” mağazası açılıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2019-cu il yanvarın 10-da imzaladığı müvafiq Sərəncamına uyğun olaraq gerçəkləşdirilən bu layihə universitetdə startap məktəbinin inkişaf etdirilməsinə yönəlib. “AzİİStore” mağazasının açılması texnologiyaların hazırlanmasına və təqdim olunmasına töhfə verəcək. ADNSU-nun əsas binasında birinci mərtəbənin foyesində açılmış mağaza iki hissədən ibarətdir.
Birinci hissədə ADNSU startapçılarının innovativ layihələri olan smart keyboard, dronlar, 3D printer və digər məhsullar yer alıb ki, arzu edənlər həmin cihazları sifariş verə bilərlər. Mağazada innovativ məhsullarla yanaşı, universitetin loqosu olan suvenirlər, o cümlədən tələbələrin özlərinin əl işləri satışa çıxarılıb. Hər bir məhsulun üzərində universitetin əsas göstəriciləri olan fiqurlar (neft buruqları, universitetin binası, ölkəmizin xəritəsi, loqo və s.) əks olunub.
İkinci hissədə Azərbaycan, rus və ingilis dillərində texniki, iqtisadiyyat və maliyyə, informasiya texnologiyalarına dair kitabların, bədii ədəbiyyatların, dəftərxana ləvazimatlarının satışı təşkil olunub. Kitab və dəftərxana ləvazimatlarının satışı tələbələrin gündəlik tələbat və istəkləri nəzərə alınaraq gerçəkləşdirilib. Burada qiymətlər yaxınlıqdakı dəftərxana malları mağazalarındakı qiymətlərdən daha ucuzdur və bu, “AzİİStore” mağazasının kommersiyadan daha çox sosial mahiyyət kəsb etməsi ilə bağlıdır.
“AzİİStore” mağazası “Eazi START” Startap və İnnovasiya Mərkəzinə məxsusdur və əldə olunan gəlir startapçılara, burada çalışan tələbələrə ödəniləcək. Əldə olunan mənfəət startapçıların layihələrinin inkişaf etdirilməsinə və yeni layihələrin hazırlanmasına yönəldiləcək.
Qeyd edək ki, “AzİİStore” mağazasında satıcı qismində ADNSU-nun maddi ehtiyacı olan 4 tələbəsi növbəlilik prinsipi əsasında çalışır. ADNSU “AzİİStore” mağazasından bazar qiymətlərindən aşağı tariflərlə icarə haqqı alacaq, eyni zamanda, mağaza rentabelliyə çıxanadək tələbələrə bu layihənin gerçəkləşdirilməsində dəstək verəcək.

Elm və təhsil 2019-03-15 15:35:00