×
A
A
A
Sazlamalar

AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verib

Bakı, 15 mart, AZƏRTAC
Payızlıq əkinlərə qulluq, bağlarda mövsümi tədbirlərin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması mühüm əhəmiyyət kəsb etməklə yanaşı həm də məsuliyyət tələb edir. Hazırda təsərrüfat sahibləri bol məhsul yetişdirmək üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün aqrokimyəvi maddələr və bitki mühafizə vasitələrindən istifadə edirlər. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirləri genişləndirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik “Sağlam qida” tədbirinə başlayıb və həmin tədbir çərçivəsində respublikanın bütün regionlarında istixana və açıq sahələrdə becərilən və anbarlarda saxlanılan məhsullara fitosanitar müşahidələr tətbiq edilir.
Fermerlərə düzgün qulluq və mübarizə tədbirlərinə dair tövsiyələr verilir. Təsərrüfat sahiblərinin nəzərinə çatdırılır ki, müvafiq tədbirlər görülərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də insanların və heyvanların sağlamlığına zərər vurulmamalıdır.
“Sağlam qida” şüarı ilə təsərrüfat sahiblərinə dəstək məqsədilə torpaqlardan və məhsullardan nümunələr götürülərək ödənişsiz olaraq laborator müayinələrə cəlb edilir.

Sosial 2019-03-15 14:56:00