×
A
A
A
Sazlamalar

Yekaterinburq-Bakı aviareyslərinin sayı artırılacaq

Bakı, 15 mart, AZƏRTAC
İyunun 18-dən etibarən Rusiyanın Yekaterinburq şəhərindən Bakıya aviareyslərin sayı artırılacaq.
AZƏRTAC Yekaterinburqun “Koltsovo” aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yekaterinburq-Bakı marşrutu üzrə reysləri “IrAero” aviaşirkətinin təyyarələri həyata keçirəcək. Əlavə uçuşlar bu il iyunun 18-dən etibarən həyata keçiriləcək. İlk hava reysi Bakı vaxtı ilə 18 iyun saat 16:30-da gerçəkləşəcək və səyahət üç saata yaxın olacaq. Hava reysini 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsi reallaşdıracaq.
Aviaşirkətin saytında hazırda bir istiqamətə biletin qiyməti 10780 rubl təşkil edir.
Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı istiqamətində uçuşlara “Ural hava yolları” şirkəti nəzarət edir. Bu istiqamətdə yeni aviadaşıyıcının fəaliyyətə başlaması ilə uçuşların sayı həftədə üç reysə çatacaq.
“Koltsovo” aeroportunun məlumatında qeyd olunub ki, Azərbaycanın paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərindəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.

Nəqliyyat 2019-03-15 13:22:00